
Vergi məcəlləsinə əsasən amortizasiya edilən və edilməyən aktivlər
Əvvəlcə vergi məcəlləsinə əsasən amortizasiyanının predmeti olmayan aktivlərə baxaq.Məcəllənin 114.2-ci maddəsinə əsasən torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur:
– elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən əvadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər;
– məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar);
– heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları;
– istismar vaxtı çatmayan çoxillik əkmələr;
– kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları);
– tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda;
– konservasiya edilmiş əsas vəsaitlər;
– ümumi istifadədə olan avtomobil yolları;
– ümumi istifadədə olan parklardakı avadanlıqlar;
– istismara verilməmiş anbarda olan əsas vəsaitlər.
Misal:Müəssisənin cari ildə ümumi gəliri 300000 manat,amortizasiya ayırmaları nəzərə alınmadan gəlirdən çıxılan xərcləri 140000 manat təşkil edir.Balansda olan məhsuldar heyvanların ilin sonuna qalıq dəyəri 9000 manat,mandarin bağlarının ilin sonuna qalıq dəyəri 50000 manat,yeni əkilmiş zeytun bağlarının ilin sonuna qalıq dəyəri 12000 manat,3 il istifadə ediləcək ticarət nişanın ilin sonuna qalıq dəyəri 6000 manat olmuşdur.Cari il üçün vergiyə cəlb edilən gəlir nə qədər olacaq?
Deməli misalımızda məhsuldar heyvanlar və yeni əkilmiş zeytun bağları amortizasiya edilmir.Mandarin bağları üçün amortizasiya norması 20%,ticarət nişanı üçün isə amortizasiya illər üzrə mütənasib olaraq bölünəcək və (6000/3) 2000 manat olacaq.
Amortizasiyanın hesablanması
Mandarin bağı 50000*20%=10000 manat
Ticarət nişanı 6000/3=2000 manat
Vergiyə cəlb edilən mənfəət (300000-140000-10000-2000)=148000 manat olacaq
Amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:
– Torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikintilər və qurğular – 7 faizədək;
– maşınlar və avadanlıq – 20%-dək;
– yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə – 25 faizədək;
– nəqliyyat vasitələri – 25 faizədək;
– iş heyvanları – 20 faizədək;
– geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər – 25 faizədək;
– qeyri-maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;
– digər əsas vəsaitlər – 20 faizədək;
Mikro və kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına mikro 2 əmsal tətbiq etməklə,kiçik sahibkarlıq subyektləri isə 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.
Misal:Mikro sahibkarlıq subyektinin 2023-cü ilin sonuna qurğular üzrə qalıq dəyəri 50000 manat,avadanlıqlar üzrə 60000 manat,nəqliyyat vasitələri üzrə isə 80000 manat olmuşdur.Amortizasiya ayırmaları aşağıdakı formada olacaq.
Qurğular-50000*14%=7000 manat(yəni 7% amortizasiya norması*2 əmsal=14%)
Avadanlıqlar-60000*40%=24000 manat(yəni 20% amortizasiya norması *2 əmsal=40%)
NV-80000*50%=40000 manat(yəni 25% amortizasiya norması *2 əmsal=50%)
Cəm amortizasiya məbləği 7000+24000+40000=71000 manat olacaq.
Müəllif:Nicat Kazımov
(DipIFRS,ICFM,PMS)