
Bu suala cavab tapmaq üçün əvvəlcə vergi məcəlləsinin 175.6-cı maddəsindən başlayaq.Bu maddədə deyilir ki,vergi məcəlləsinin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla ƏDV-dən azad olunan,yaxud ƏDV-nə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər,xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir.Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər,xidmətlər) alınarkən,ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.
İki hala baxaq.
Misal 1:Sadələşdirilmiş vergi ödəyicisi olan Atlanta KX MMC elektron qaimə fakturaya əsasən 17700 manat dəyərində (o cümlədən 2700 man ƏDV) nağdsız qaydada mal almışdır.Bu zaman həmin ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilmir və malın dəyərinin üzərinə əlavə edilir.
Misal 2:SHREK MMC ƏDV ödəyicisidir.Məktəb binasını tikərək əvəzsiz Təhsil Nazirliyinə təqdim etmişdir.Bu zaman məktəbin tikintisi zamanı SHREK MMC aldığı mallar üçün ödədiyi ƏDV məbləğini əvəzləşdirəcək ya yox?
Qayıdaq 160.4-cü maddəyə.Həmin maddədə deyilir ki,hüquqi və fiziki şəxslər tərəfindən daşınar və daşınmaz əmlakların,qeyri maddi aktivlərin,habelə əmlak kompleksi şəklində müəssisələrin dövlət orqanlarına (qurumlarına),eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır.
175.6-cı maddədə həmin hal istisna olduğu üçün TN-nə təqdim edilmiş məktəb binasının tikintisi zamanı alınmış mallara görə ödənilmiş ədv məbləği əvəzləşdiriləcək.
Müəllif:Müstəqil Auditor Nicat Kazımov