Vergi məcəlləsinə dəyişiklik 2025

Muzdlu işlə əlaqədar alınan gəlirlər vergi məcəlləsinin 98-ci maddəsində əksini tapmışdır və aşağıdakılar aid edilir.

  • Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir;
  • Fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda – bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq;
  • Işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda – bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri;
  • Nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər istisna olmaqla,işçinin xərclərinin əvəzi ödənildiyi halda – ödənən vəsaitin məbləği;
  • işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda – həmin borcun və ya öhdəliyin məbləği;
  • İşəgötürən tərəfindən ödənilən sığorta haqları;
  • hər hansı digər halda – normativ hüquqi aktlarda başqa qiymətləndirmə metodu göstərilmirsə, bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq müəyyən edilən dəyər;
  • işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda – həmin vəsaitin məbləği;

Vergi məcəlləsinin 98.3-cü maddəsinə əsasən faktiki ezamiyyə xərclərinin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi gəlirə daxil deyil.

 

Keçək ətraflı izaha.

  1. Əmək haqqı əmək qanunvericiliyinə uyğun olaraq müqavilə əsasında müqavilədə qeyd edilən haqq ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir.Muzdlu işləyən şəxs “işçi”,işçinin haqqını ödəyən şəxs “işəgötürən” adlanır.
  2. Kredit hərracı zamanı gəlir necə yaranır?Misal üzərində baxaq.

2023-cü ilin mart ayının 25-i müəssisə işçiyə 1 il müddətinə 3000 manat məbləğində ssuda vermişdir.Ssudanın illik faiz dərəcəsi 10 faiz-dir.İşçinin aylıq vəzifə maaşı 600 manat-dır.Kreditin verildiyi vaxt banklararası kredit hərracında olan faiz dərəcəsi isə 16% olmuşdur.

10%-lə hesablama aparıldıqda 3000*10%=300 manat

16%-lə hesablama aparıldıqda 3000*16%=480 manat

2024-cü ilin mart ayında işçi borcu və faiz məbləğini qaytarır.Deməli işçinin mart ayının gəliri (480-300)=180 manat+600 manat əmək haqqı ümumi 780manat edəcək.

3. Işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda gəlir necə olacaq?

Müəsissə və ya fərdi sahibkar öz işçisinə bazar qiyməti 500 manat olan saat hədiyyə edib.Bu zaman 500 manat işçinin muzdlu işlə əlaqədar alınan gəlirinə əlavə ediləcək.

Digər halda müəsissə və ya fərdi sahibkar işçisinə istehsal etdiyi ayaqqabını 50 manata satıb.Həmin ayaqqabının bazar dəyəri 120 manatdır.Bu zaman (120-50)=70 manat işçinin gəlirinə aid ediləcək.

4.İşəgötürən tərəfindən ödənilən sığorta haqqları;

X MMC -nin işçisinin vergiyə cəlb olunan gəliri 1200 manatdır və işçini həyatın yığım sığortası üzrə 2 illik yerli sığorta təşkilatında sığortalayıb.Müqaviləyə əsasən hər ay sığorta təşkilatına 1100 məbləğində sığorta haqqı ödəyib.

Bu halda 1100 manat sığorta haqqı 102.1.8-ci maddəyə əsasən vergidən azad olmadığı üçün işçinin muzdlu işdən əldə etdiyi 1200 manat aylıq gəlirə əlavə olunur.(1200+1100)=2300 manatdan gəlir vergisi hesablanır.

Əgər müəssisə işçisini 3 ildən az olmayan müddətə yerli sığorta təşkilatında sıığortalamış olsa  98.2.5-ci maddəyə əsasən 1100 manat işçinin muzdlu işdən gəliri hesab olunacaq,ancaq Vergi Məcəlləsinin 102.1.8 və 116.2-ci maddələrinə əsasən ödənilən sığorta haqqı işçinin vergiyə cəlb olunan gəlirinin 50%-dən çox olmayan hissəsi gəlir vergisindən azad olacaq.Deməli (1200 manat*50%)=600 manat gəlir vergisindən azad,qalan 500 manat(1100-600) işçinin gəliri hesab olunur və vergiyə cəlb olunur.

5.Hər hansı digər hallarda qiymətləndirmə metodu göstərilmirsə VM-nin 14-cü maddəsinə əsasən müəyyən edilən dəyər;

Fərdi sahibkar işçisinə ətir hədiyyə edib.Ancaq ətirin dəyəri sənədlərdə əksini tapmayıb.Bu zaman ətirin dəyəri VM-nin 14-cü maddəsinə əsasən müəyyən ediləcək.

6. İşəgötürən tərəfindən işçiyə verilmiş təhtəlhesab vəsait NK tərəfindən müəyyən edilmiş qaydada geri qayatarılmadıqda,həmin vəsaitin məbləği işçinin vergi tutulan gəlirinə aid edilir.

7. Faktiki ezamiyyə xərclərinin, və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi gəlirə daxil deyil.

98.3-cü maddənin müəyyən incə məqamları var.

Nazirlər Kabinetinin  2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarına 4 aprel 2024-cü il tarixli 200 nömrəli qərarı ilə ezamiyyə xərclərinin normalarına dəyişiklik edilmişdir.Normalar Bakı şəhərində 125 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90 manat müəyyən edilmişdir.Mehmanxana xərci işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün ödənilən ezamiyyə xərclərinin 1 günlük normasının 70 faizini təşkil edir.Gündəlik xərc isə ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizini təşkil edir.

Misal üzərində baxaq.

Misal1:Müəssisə işçisini Gəncə şəhərinə 1 günlük ezam etmişdir.İşçi qayıtdıqdan sonra avans hesabatında 80 manat istifadə etdiyini göstərmiş və mehmanxana xərclərini təsdiqləyən sənədləri təqdim etmişdir.Xərclənən vəsait norma daxilində olduğundan 80 manat muzdlu işdən alınan gəlirə daxil edilmir və gəlir vergisi hesablanmır.

Misal2:Yuxarıdakı şərtlər daxilində işçi bu dəfə 110 manat xərcləyir və mehmanxana xərclərini təsdiqləyən sənədləri yenə təqdim etmişdir.

Bu zaman da normadan artıq xərclənən 15 manat muzdlu işlə əlaqədar gəlirə daxil edilmir.Ona görə ki,məcəllənin 98.3-cü maddəsində norma daxilində yox,faktiki ezamiyyə xərcləri qeyd edilir.Lakin diqqət olunmalı bir məqam var.

Qeyd:Faktiki ezamiyyə xərci normadan artıq olduqda  mehmanxana xərci və gündəlik xərcin normadan artıq olan hissəsi üçün sənəd təqdim edildiyi halda faktiki ezamiyyə xərci gəlirə daxil edilmir.Sənəd təqdim edilmədikdə normadan artıq olan hissə gəlirə əlavə edilib,vergiyə cəlb olunacaq.

Misal: Müəssisə işçisini Bakı şəhərinə 1 günlük ezam etmişdir.İşçi qayıtdıqdan sonra avans hesabatında 150 manat istifadə etdiyini göstərmiş(100 manat mehmanxana,50 manat gündəlik xərc),lakin mehmanxana və gündəlik xərcləri təsdiqləyən sənədləri təqdim etməmişdir.

Bakı şəhərində bir günlük ezamiyyə norması 125 manat təşkil edir.

Mehmanxana xərci (125*70%)=87,5 manat

Gündəlik xərclər-(125*30%)=37,5 manat

Normadan artıq hissə mehmanxana xərci – (100-87,5)=12,5 manat

Normadan artıq hissə gündəlik xərclər- (50-37,5)=12,5 manat

İşçinin muzdlu işdən gəlirinə (12,5+12,5)=25 manat əlavə olunub gəlir vergisinə cəlb olunacaq.

Diqqət olunmalı əsas məqam odur ki,faktiki ezamiyyə xərcləri sənədlərlə təsdiq olunmalıdır.

Müəllif:Müstəqil Auditor Nicat Kazımov