
Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsi və ya ödənilmiş nizamnamə kapitalı barədə məlumatın verilməməsi ilə bağlı yeni cərimələr müəyyən edilib.İnzibati xətalar məcəlləsinin 405-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə – vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir.Həmin məcəllənin 405-1.2-ci maddəsində Məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinə görə -vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcəyi qeyd edilir.
Nizamnamə kapitalının ödənilməsi müddəti isə Mülki Məcəllə ilə tənzimlənir.Mülki Məcəllənin 90.2-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar.Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz.Məcəllənin 90.3-cü maddəsində isə Məhdud məsuliyyətli cəmiyyət iştirakçısının cəmiyyətinin nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad edilməsinə yol verilmədiyi qeyd edilir.
Müəllif:Müstəqil Auditor Nicat Kazımov